Emin Əmrullayev rəhbəri seçildiyi yeni qurumun gələcək planlarından DANIŞDI
“Basketbolda alt yaş qrupları üzrə komandaları inkişaf etdirməliyik. Əsas məqsədimiz bu olacaq. Bunun üçün təhlillər aparacağıq. İdmanı tək fiziki cəhətdən yox, intellektual tərəfdən də inkişaf etdirmək olar”.
Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Basketbol Federasiyasının yeni prezidenti Emin Əmrullayev deyib.
O, köhnə rəhbərliyin 2022-ci ilin əvvəlində keçirmək istədiyi Azərbaycan çempionatı barədə isə bunları bildirib:
“Məqsədlərlə aləti ayırmaq lazımdır. Azərbaycan çempionatını keçirmək bir alətdir. Əsas məqsəd Azərbaycanda basketbolun kütləviliyini artırmaqdır.
Çempionatın keçirilməsi saydan, istəkdən asılıdır. Təbii ki, çempionat keçirilməlidir. Amma bu suala hələlik nə hə, nə yox cavabı vermək olur. Çempionat iki həftə və ya iki ay da ola bilər. Daxili birinciliyin digər yarışlara xidmət etdiyini anlamaq lazımdır. Məqsədimiz Azərbaycan idmanının dünyada tanınmasına xidmət etməkdir. Mənim istəyim budur ki, universitet və məktəb komandalarını çempionata cəlb edək. Hər bir məktəbdə zal var. Uşaqlar o zallardan məqsədyönlü şəkildə faydalana bilərlər. Azərbaycanda kifayət qədər təhsil müəssisələri var. Çempionatı tələsik keçirməkdənsə, bir qədər gec, amma məqsədyönlü şəkildə keçirmək daha vacibdir. Məktəblərdə uşaqların hər biri peşəkar basketbolçu olmaya bilər. Yuxarılara çıxmaq üçün aşağıdan başlamaq lazımdır. Bunlar üçün bir az zaman lazımdır”.
O, federasiyada kadr dəyişikliklərinin olması ilə bağlı suala isə belə cavab verib:
“Təklif edirəm ki, insanları köhnə və yenilərə, cavan və yaşlılara bölməyək. Məqsədimiz Azərbaycanda basketbolun inkişaf etməsidir. Hər hansı bir insan basketbolun inkişafına xidmət edəcəksə, ona qapımız açıqdır. Yeni strukturun formalaşması üçün basketbolçu yox, hüquqşünas lazımdır. Həmçinin təhlil üçün idmançı yox, mütəxəssis lazımdır. Təbii ki, yeniliklər olmalıdır. Gələcəkdə fərqli format mütləq olacaq. Hansı strukturla işləyəcəyimizi təhlillərə bağlayıram. İrəli getmək istəyiriksə, bir neçə məsələdə düzgün qərar verməliyik. Basketbolçu yetişdirmək üçün hazırlıq prosesini bacaran insanlar cəlb olunmalıdır. İstək hər şeyi həll etmir. Resurs məsələsi də önəmlidir. İstənilən sahədə irəli getmək üçün maliyyə dəstəyi önəmlidir. Dayanıqlı maliyyə dəstəkləri tapmaq lazımdır. Bəlkə klassik strukturla getmədik. Bunların heç birini hələ müzakirə etməmişik. Daim eyni formada qalan bir şey gözləməyin. Zamanın tələbinə uyğun çevik olmalı və problemlərə cavab verməliyik. Bəzən tez-tez nəyisə dəyişəndə deyirlər ki, niyə dəyişirsiniz? Bəzən situasiya sizi buna məcbur edir”.
Qeyd edək ki, Basketbol Federasiyasına 22 il idi ki, Nadir Nəsibov rəhbərlik edirdi.