Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub
Dekabrın 7-də Bakı şəhəri 20 nömrəli məktəb-liseydə bir qrup təhsil işçilərinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.
Təhsil Nazirliyindən bildirilib ki, tədbirdən əvvəl təhsil naziri Emin Əmrullayev, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.
Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra təhsil naziri Emin Əmrullayev çıxış edərək fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib. Təhsil naziri Prezident İlham Əliyevin 5 oktyabr 2021-ci il tarixli sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 155 təhsil işçisinə dövlət təltiflərinin verildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, həmin sərəncamlara əsasən, 71 nəfər “Əməkdar müəllim” fəxri adına, 4 nəfər 3-cü dərəcəli “Əmək” ordeninə, 80 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.
Dövlət başçısının təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğını xüsusi qeyd edən Emin Əmrullayev son illərdə müəllim peşəsinə marağın artdığını, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri vurğulayıb. Nazir, həmçinin 44 günlük Vətən müharibəsində təhsil işçilərinin danılmaz xidmətlərini qeyd edib.
Təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.