AzTehsil.com


Xəbərlər
19 dekabr 2019
1 919


Nazir müavini Məhəbbət Vəliyeva Lerikdə məktəb açılışında



Nazir müavini Məhəbbət Vəliyeva Lerikdə məktəb açılışında

 

Dekabrın 19-da Lerik rayonu Orand kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova, Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev, rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək dövlətin diqqət və qayğısı nəticəsində son illərdə təhsilin  infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş əhəmiyyətli işlər barədə ətraflı danışıb. Nazir müavini deyib ki, hər bir şəxs onlar üçün yaradılan bu imkanları yüksək qiymətləndirməli və onlardan maksimum faydalanmalıdır. Məhəbbət Vəliyeva bildirib ki, təhsilin qarşısında duran əsas vəzifələrdən biri milli-mənəvi dəyərlərə bağlı olan, tarixini bilən əsl Azərbaycan vətəndaşını yetişdirməkdir. Nazir müavini uşaqların yaxşı təhsil almasında valideynlərin müstəsna roluna, onların məktəblə sıx əməkdaşlığının əhəmiyyətinə də toxunub. Müasir dövrdə savadlı, bilikli olmağın vacibliyini qeyd edən Məhəbbət Vəliyeva vurğulayıb ki, oğlanlarla yanaşı qızların da təhsilə yiyələnməsinə xüsusi diqqət yetirmək lazımdır.

Daha sonra çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova yeni məktəb binasının açılışı münasibətilə hər kəsi təbrik edib, uğurlar arzulayıb.

Sonra tədbir iştirakçıları məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar.

Bildirilib ki, 180 şagird yerlik məktəb binası 3 mərtəbəli tədris və 1 mərtəbəli idman korpusundan ibarətdir. Tədris binasında 11 sinif otağı, informatika, texnologiya, fizika, kimya, çağırışaqədərki hazırlıq  kabinetləri, kitabxana və oxu zalı, məktəbəhazırlıq qrupu otağı, tibb otağı, bufet və idman zalı da var.  Hazırda məktəbdə 147 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 20 müəllim məşğul olur. 

Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün təbii qazla işləyən, müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırılıb. Məktəbin elektrik enerjisi ilə təminatı üçün 100 kva transformator yarım stansiyası quraşdırılaraq generatorla təmin olunub.
 edu.gov.az 



Загрузка...