Valideyn / Müəllim
20 noyabr 2016
11 474


Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

 Uşaqların şəxsiyyətinin formalaşmağa başladığı vaxtdan etibarən, yəni onların 3 yaşından başlayaraq, valideyn uşağın tərbiyəsi ilə ciddi məşğul olmalıdır. Tərbiyədə ailənin rolu çox böyükdür. 6 yaşınadək ona ailədə aşılanmayan mənəvi və əxlaqi dəyərlər nə cəmiyyətdə , nə də məktəbdə öyrədilməyəcək. Artıq məktəb yaşına çatmış şagirdlərdə gözəçarpan bir çox mənfi və müsbət xüsusiyyətlər formalaşmış olur. İbtidai sinifdə tədris aparan müəllimlər bunun  fərqinə asanlıqla vara bilirlər. Məsələn , uşaqlarda yalançılıq, xəbərçilik və hərəkətlərində şiddətə meyillilik, aqressivlik varsa, bu elə məktəb həyatının ilk günlərindəcə özünü büruzə verir. Əlbəttə, bu birmənalı olaraq valideynin yanlış tərbiyə metodunun nəticəsidir. Uşaq evin güzgüsüdür , deyərlər. Doğru bir deyimdir. Evdə bir-birinə  şiddət tətbiq edən, uşagın gözü qarşısında yalan danışan, başqalarının haqqında gərəksiz və yersiz fikir bildirən, düzgün olmayan davranışlar sərgiləyən ata –ananın  övladları onların yanlışlarını oz hərəkətlərində mütləq zamanla əks etdirəcəklər. Bəli, unutmaq olmaz ki, mənəvi dəyərlər uşaqlara irsən ötürülmür. Bu dəyərlər ictimai mühitdə formalaşır. İctimai mühit isə tez tez dəyişir. Uşagın ilk tanış olub , qavradığı mühit ailədir. Məktəb yaşına qədər ailədə formalaşan uşaq ünsiyyətdə olduğu insanların, yəni, ana-atanın onlara aşıladığı nə varsa onu qavrayır, onu əks etdirir. Ata – ana isə bəzən istəmədən yanlış örnəklər verir.Yanlış istiqamətlər aşılayır. 


                                              Bəs nə etməli? Nələrə diqqət etməli?

Valideynlər övladlarına nümunə olmalıdırlar. Əvvəlcə onların özlərinin dogru və yanlış üzərinə əsaslı mühakimələri olmalıdır. Yəni öz səhvlərini analiz etməyi, nəticə çixartmağı, aradan qaldırmağı bacarmalıdırlar. Əgər onlar özləri belə sərgilədikləri hər hansı bir davranışın yanlış olduğunu anlamırsa, burda vəziyyət çətinləşir.


İkinci mühim məsələ sevgi yetərsizliyidir. Uşaqlar sevilməlidirlər. Onlar ailə üzvüləri tərəfindən sevgi ilə əhatə olunmalı, diqqət və qayğı zəminində böyüməlidirlər. Onlar öz valideynlərini sevsələr, onların istəklərinə, tapşırıqlarına səylə əməl etməyə can atacaqlar. Bir nüans da çoz mühimdir. Qadağan olunmuş davranışlar uşaqlara qadağa zənciri kimi təqdim edilməməlidir. Bu hərəkətlərin nə üçün yanlış olduğu açıqlanmalı, izah olunmalı, əsaslandırılmalıdır. Ümumiyyətlə , tərbiyədə şiddət və zor tətbiq etmək çox zaman əks nəticə verir. Ən əsası isə odur ki, ana və atanın problemə yanaşma mövqeyi üst-üstə düşməlidir. Hədəf eyni olmalıdır. Birinin dediyini digəri təkzib etməməlidir. Belə fikir ayrılığı ailədə olarsa , bu övladlarınızı çaşqınlığa, boşluğa sürəkləyər.


                    Uşaqlara nəzarət hansı çərçivədə olmalıdır?

Valideynlər övladlarının hər addımına, hər bir davranışına nəzarət etməlidirlər. Onların dostluq etdiyi şəxslərdən tutmuş, ünsiyyətdə olduqları hər bir kəsi tanımalıdırlar. Onların hobbilərini, maraqlarını bilməli, zövqlərinə , istəklərinə yaxşı bələd olmalıdırlar. Eyni zamanda bu prosesi izləməklə qalmamalı və hadisələri kənardan idarə etməlidirlər. Lakin bu müdaxilə birbaşa olmamalıdır.Uşaq özünü məngənədə, sərhədlər içində hiss etməməli,  valideynlərin onunla ,  onun arzularıyla  hesablaşdıqlarını düşünməlidir. Valideyn isə uygun bir şəkildə onu istiqamətləndirməli, dogru və yanlış yönləri başa salmalıdır.

Bəli, ailədən sonra tərbiyə məktəbdə davam edir. Uşagın tanış olduğu ikinci vacib və əhəmiyyətli ictimai mühit məktəbdir. Müəllimlər və sinif yoldaşları onun ailə üzvülərindən sonra ən çox ünsiyyətdə olduqları şəxslərdir.


Müəllim –şagird münasibətlərinin düzgün qurulması çox vacib amildir. Müəllim hər bir halda örnək olmalıdır.O şəxsiyyət formalaşdırır.Vətənə vətəndaş, cəmiyyətə layiqli övlad yetişdirir. Özü ən ali keyfiyyətlərə, yüksək mənəvi dəyərlərə, pedaqoji mədəniyyətə, etikaya, ən gözəl insani xüsusiyyətlərə malik olmalıdır. O qarşısındakı şagirdə individual, şəxsiyyət kimi yanaşmalı, onun arzularını, istəklərini nəzərə almalıdır.Əks halda nəinki düzgün tərbiyədən söhbət gedə bilməz, hətta yanlış yönləndirmələrə belə zəmin yaranar. Şagirdlərdə məktəbə həvəslə gəlmələri üçün stimullar yaratmalı, hər bir fənni, hər bir  mövzunu həyata düzgün inteqrasiya etdirməyi və həyatla əlaqləndirməyi bacarmalı, 45 dəqiqəlik dərsi manaton bir zaman itgisinə çevirməməli, rəngarənglik və motivasiya gözlənilməlidir.  Şagirdə verilən bilik və bacarığın gələcəkdə səriştəyə çevrilməsi üçün bünövrə qurulmalıdır. Eyni zamanda şagirdlərdə vətənpərvərlik hissinin ən çox məktəbdə formalaşdırıldığı hər zaman diqqətə alınmalıdır. Məktəbin tərbiyədə rolu və əhəmiyyəti böyükdür.

 

Elə dəyərlər var ki, onlar yalnız məktəbdə aşılanır. Bunu müəllimlər unutmamalıdır.Bu dəyərlər sırasında vətənə sevgi, insanlara hörmət, sosial ünsiyyət bacarığı, başqa fikirlərə, əqidələrə tolerant yanaşma və s. əsas yer tutur. Uşaqlarda dünyagörüşünün formalaşmasında da məktəb böyük rol oynayır. Məktəb şagirdlərə böyük ideallar uğrunda mübarizə aparmağı öyrətməlidir. Məktəb şagirdlərə özünü kəşf etməyi, dəyərləndirməyi, potensiallarını aşkara çixartmağı və enerjilərindən , bacarıqlarından düzgün istifadə etməyi təlqin etməli, onlara yol göstərməlidir. 


Nəticədə məlum olur ki, tərbiyədə ailə və məktəb faktoru eyni dərəcədə əhəmiyyətlidir. Burda işbirliyi də diqqətdə saxlanılmalı amildir. Müəllimlərlə valideynlər həmrəy olmağı bacarmalı, müəllimlər şagirdlərinin ailə mühitinə, valideynlər isə məkəb atmosferinə yaxından bələd olmalıdırlar.Onlar öz fikirlərini və mülahizələrini uzlaşdırmağı və bir birinə təsir göstərməyi bacarmalıdırlar. Bu həmrəylik uşaqlarda inamı artırır, öz nöqsanlarını daha tez dərk etmələrinə və səhvlərini möhkəmlənib ,vərdişə çevrilmədən vaxtında aradan qaldırmaqlarına şərait yaradır.

 Bakı şəhəri , Sabunçu rayonu 309 nömrəli tam orta məktəbin  tərbiyə işləri üzrə direktor müavini, ingilis dili müəllimi Mehriban  Məmmədova.


Məqalə Göndər








Загрузка...