Psixoloq / Direktor / Müəllim
18 yanvar 2017
40 013


Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

 

Şəxsiyyətin formalaşmasına müsbət amillər təsir göstərir. Göstərilən amillərin təsir dərəcəsi də müxtəlifdir. Şəxsiyyətin formalaşması müxtəlif dövrlərdə aktual olmuş və hal- hazırda aktual olaraq qalmaqdadır. Şəxsiyyətin inkişafına təsir göstərən amilləri araşdırmaq üçün onun istiqamətlərini müəyyən etmək lazımdır. 

Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, şagirdlərin özünü tərbiyəsini,psixoloji əsaslarını aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmləri də öyrənilir. Şəxsiyyətin təşəkkül və formalaşmasında inteqrativ sistemlərin rolu müəyyən dərəcədə öyrənilsə də onun şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edən özünügerçəkləşdirmə sistemli olmamışdır.

Şəxsiyyət şagirdin ictimai konkret tarixi həyat şəraitində onun təlim- tərbiyəsində formalaşır. Psixologiya tarixində bu məsələnin həllində şəxsiyyətin inkişafını sosiogenetik və biogenetik konsepsiyası adlanan iki istiqamət olmuşdur. Biogenetik konsepsiya insan şəxsiyyətinin formalaşması, şəxsi fəallıqdan məhrum şəkildə, bioloji amillərin məhsulu kimi təqdim edilir.
 
Sosiogen konsepsiya isə şəxsiyyətin inkişafına, onun formalaşmasına ətraf sosial mühitin təsirlərinin nəticəsi kimi baxılır.

Şəxsiyyətin təşəkkülü əlverişsiz şəraitin minimuma endirilməsi və gerçəkliyin nəzarəti altına alınmasıdır.

Məktəb təliminə psixoloji hazırlıq şəxsiyyətin formalaşmasında bir sıra xüsusiyyətləri nəzərdə tutur. Şagirdlərin düzgün formalaşmasına imkan verən əsas şərt məktəbəqədər tərbiyə prosesində zehni və praktik işlərin qarşılıqlı əlaqəsini təmin edən fəaliyyət növlərinin təşkil edilməsidir. Məsələn, fəaliyyətin rəsm, gil işi, applikasiya, parça üzərində iş kimi növlərində, müxtəlif oyunlarda uşaq öz fəaliyyətini, onun gedişini, əldə etdiyi nəticəni təhlil etmək, özünə qiymət vermək bacarığını mənimsəyir.

Tərbiyə şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Görkəmli pedaqoq A.S.Makarenkonun dediyi kimi, tərbiyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı nəsil bu prosesdə özünün təcrübəsini, özünün inamını kiçik nəslə verir.
Şəxsiyyətin formalaşması daxili və xarici amillərin təsiri altında baş verir. Ona görə də şəxsiyyətin formalaşması bu prosesə təsir edən amillər diqqəti cəlb edən cəhətlərdəndir.

Şagird şəxsiyyətinin və onun formalaşmasına təsir edən amillərin öyrənilməsi tərbiyə prosesinin idarə edilməsinin mühüm şərtlərindən biridir.

Görkəmli psixoloq S.L.Rubişteyn göstərir ki, "Uşaqları tərbiyə edə - edə və öyrədə - öyrədə öyrənmək lazımdır ki, onları öyrənə - öyrənə şəxsiyyət kimi formalaşdıraq və öyrədək”. Müəllim və tərbiyəçi hər hansı bir tərbiyəvi tədbir həyata keçirilməzdən əvvəl öyrənilən şagirdin xüsusiyyətlərini aşkara çıxarmalı, tərbiyəvi tədbiri ona müvafiq şəkildə həyata keçirməlidir.

A.S. Makarenko şəxsiyyəti formalaşdırmaq üçün insanın şəxsi keyfiyyətlərini öyrənməyə xüsusi əhəmiyyət verirdi. O, şəxsiyyətin formalaşması mexanizmini dərindən öyrənmiş və tədqiq etmişdir. Makarenkonun bir psixoloq kimi üstün cəhəti ondan ibarətdir ki, o, şəxsiyyətin formalaşmasında,psixoloji tədqiqində passiv seyirçilikdən tamamilə uzaqlaşmışdır. Tərbiyəçi tərbiyə olunanlara obyekt kimi yox, tərbiyə obyekti kimi yanaşmalıdır.

Psixoloqlar şəxsiyyətin formalaşmasında fəaliyyətin rolunu xüsusi olaraq qeyd etmişlər.

A.Adler şəxsiyyətin formalaşmasına təsir edən üç mühüm münasibəti göstərir: 

a) Özünün gücsüzlüyünü hiss etmək

b) Təkmilləşməyə, üstünlük əldə etməyə cəhd 

c) Birgəlik hissi və ya sosial hiss

Məlumdur ki, insan dünyaya bir fərd kimi gəlir və ictimai münasibətlər sistemində şəxsiyyət kimi formalaşır. Burada tərbiyə prosesi həlledici rol oynayır. Ona görə də uşağın bir şəxsiyyət kimi formalaşmasında mənbələri, şəraiti bilmədən tərbiyənin psixoloji mexanizmini açmaq mümkün deyildir.

Müasir psixologiyada belə bir cəhət əsas götürülür ki, şəxsiyyət öz fəallığını ətraf aləmlə qarşılıqlı təsir prosesində fəaliyyətdə özünü göstərir. Şəxsiyyətin formalaşmasının mənbəyini onun tələbatı təşkil edir.

Təlim tərbiyənin müvəffəqiyyətli həlli, yeniyetmə şəxsiyyətin formalaşması, onların yeni iqtisadi, siyasi, sosial münasibətlər sisteminə daxil olması müəllimin peşə ustalığından, mənəvi mövqeyindən, fərdi psixoloji xüsusiyyətlərindən asılıdır.

Yeniyetmə şəxsiyyətinin formalaşmasında müəllimin peşə səviyyəsi ilə eyni dərəcədə onun şəxsi keyfiyyətləri müstəsna rol oynayır.
 
E.N.Məmmədxanlı Xok kənd tam orta məktəbin direktoru

 

 


Məqalə Göndər








Загрузка...