Xəbərlər / Karyera
21 dekabr 2017
4 611


Azərbaycanın 26 yaşlı prorektoru - “Yüksək vəzifədə dayım yoxdur”

26 yaşlı prorektor... Həm də dövlət universitetində... Ən əsası da Azərbaycanda... 


Beynəlxalq təcrübəyə, lap elə özəl universitetlərimizin bir neçəsinə nəzər salsaq, bu, elə də qeyri-adi hal deyil. Ancaq cavan müəllimləri belə hələ təzə-təzə görməyə öyrəşdiyimiz dövlət universitetlərimizdə bu təyinat uğur sayıla bilər.


Gənc prorektorun bioqrafiyasına nəzər salırıq - Ümid Səməndər oğlu Mehdiyev. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr, daha sonra isə Böyük Britaniyanın Liverpul Universitetində magistr dərəcəsi alıb. Universitetə daxil olduğu ildən iş karyerasına da başlayan Mehdiyev gənc olmasına baxmayaraq bir neçə şirkətdə mühüm vəzifələri tutub.


Son ana kimi marağımızı üstələyə bilsək də, müsahibəyə bir neçə saat qalmış gənc prorektorun ailə üzvlərini internetdə axtarışa veririk. Səməndər Mehdiyev - Dünya Azərbaycanlıları Konqresi, Qərbi Azərbaycan Nümayəndəliyinin rəhbəri.

 

Söhbətimə də elə bu balaca araşdırmamızdan başlayıram. O isə gülür:


"Yox, yox, həmin şəxslə hər hansı bir qohumluğum yoxdur. Açıb baxsınlar ki, həmin Səməndər Mehdiyevin Ümid adlı oğlu var, ya yox? Bu barədə dəfələrlə eşitdiyim üçün artıq mənə sadə gəlir. Ancaq ailəmdən təhsil sferasında çalışan kimsə yoxdur. Atam Fövqəladə Hallar Nazirliyində baş məsləhətçidir, anam isə evdar qadın. Digər qohumlarımdan da yüksək vəzifələrdə çalışan dayım, əmim yoxdur. Yəni, sırf öz əməyimlə bu vəzifəyə çatmışam. 

 

- Bizi qınamayın, cavan kadrların dövlət qurumlarında belə yüksək vəzifələrə yüksəlməsini nadir hallarda görürük. Bəs, təyinatınız necə oldu?


- Bildiyiniz kimi, Liverpul Universitetində təhsil almışam. Geri döndükdən sonra Təhsil Nazirliyində qeydiyyatdan keçirik və adlarımız ehtiyat kadrlar siyahısına daxil olur. Ondan sonra da bizimlə mütəmadi olaraq əlaqə saxlayırlar, dövlət müəssisələrində vakansiya olan zaman zəng vurub xəbər verirlər. Mən universitetə prorektor kimi gəlməmişəm, yəni əvvəldən yüksək vəzifə tutmamışam. 9 ay rektor köməkçisi olmuşam. Daha sonra gördüyüm işləri yüksək dəyərləndirən rektor təqdimatımı Təhsil Nazirliyinə göndərib və əmrim təsdiqlənib. May ayının 1-dən Pedaqoji Universitetin təsərrüfat işləri üzrə prorektoruyam.


- Bəs reaksiyalar necə olur? Xüsusilə də həmkarlarınızın...


- Düzdür, xaricdə təhsilin öz rolu var. Ancaq indiki kontingent böyük dəstək göstərir. Artıq anlayırlar ki, yeniləşmə olmalıdır. Cavan kadrları önə çəkməyə başlayıblar. Düzdür, cavan olsam da, kifayət qədər iş təcrübəm var. Ancaq onu anladım ki, rəhbər şəxslər insanlarla işləməyə xüsusi fikir verməlidir. İnsanlarla anlaşmağa çalışmalıdır ki, gələcəkdə kollektivin rəğbətini qazana bilsinlər. 


- Çox vaxt yaşlı müəllimlər cavanların buyruğunu götürmək istəmir, sizin bununla bağlı problemləriniz olub?


- Problem deməzdim, ancaq əvvəllərdə müraciət formaları, səs tonu ilə bağlı bəzi anlaşılmazlıqlarımız olurdu. Bəzən hansısa müəllim əsəbi formada nəsə tələb edəndə və ya "sən” deyə müraciət edəndə mədəni formada ona qaydalara riayət etməli olduğunu anlatmağa çalışırdım. Sərt biri deyiləm, ancaq hər şey qaydalara uyğun olaraq görülməlidir ki, sonradan narazılıqlar olmasın. İndi hər şey qaydasındadır. 


- Xaricdə təhsil almış biri kimi, bizim və onların təhsil sistemini rahat müqayisə edə bilərsiz. Müqayisədə gördüyünüz axsaqlıqlar nələrdir? Siz nələri dəyişməyə çalışırsız?


- Xarici universitetlərlə müqayisədə ən böyük gözəçarpan məqam infrastrukturdur. Eyni savadda müəllimlərimiz, çalışqan tələbələrimiz ola bilər. Ancaq burada infrastruktur da mühüm rol oynayır. Tələbə daşın üstündə oturub dərs oxumayacaq ki. Zamanla ayaqlaşmaq üçün İT sahəsinə xüsusi diqqət yetirmək lazımdır. Mənə həvalə olunan işlərdən də biri budur. Hazırda layihələr hazırlayırıq və tələbələrin təhsilinə necə müsbət təsir edə biləcəyimiz haqda planlar qururuq. Bunlar da 1-2 günün işi deyil. Yenidənqurma işləri vaxt tələb edir. Digər məsələyə gəlincə isə, müəllimlərimiz də artıq anlayırlar ki, yenilik etmək lazımdır. Yalnız dərsə girib kitabdan mühazirə oxumaqla, onu tələbəyə əzbərlətməklə təhsil vermək olmaz. Əlimizdə olan internetdən yararlanaraq beynəlxalq təcrübəni öyrənmək olar, köhnədən qalan kitablarla kifayətlənmək olmaz. Mən inanmıram ki, ideal işləyən müəssisə olsun. Hər bir işdə kiçik nöqsanlar olur. Hazırda həm ölkə siyasəti, həm də Təhsil Nazirliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də müəllim imicinin qaldırılmasıdır. Sovet vaxtına nisbətən son vaxtlarda müəllim imici bir qədər zəifləmişdi. Amma artıq sosial layihələr də müəllim adını zirvəyə qaldırmağı əsas sayır. 


- Xarici universitetlər bir yana, təkcə ölkəmizdə fəaliyyət göstərən özəl və dövlət universitetləri arasında çox böyük mühit fərqi var. "Azərbaycansayağı boloniya sistemi” deyimi də yayılıb.


- Mən xaricdə magistratura oxumuşam. Boloniya sistemi olduğundan dərsdə iştirak etmək azad idi. Bizdə də 25%-lik bir qaib limiti var. Tələbə xəstələnə bilər, işi çıxa bilər və ya ümumiyyətlə, dərsdə iştirak etmək istəməyə bilər. Limiti aşmamaq şərti ilə dərsdən qala bilər. Deyirlər, azad dərs sistemi olsa, dərsə gələn olmaz. Burada bir neçə məqama fikir vermək lazımdır. Birincisi, imtahan sistemi. Pedoqoji Universitetdə biz gələnə kimi test imtahan sistemi idi. Tələbə imtahana 3-4 gün qalmış cavabları əzbərləyib gəlirdi. Bu tələbə təbii ki, dərsdə oturmaz. Rektor dəyişikliyindən sonra qərara alındı ki, birinci kurslar yazılı imtahanlara girsin. Onun nəticəsidir ki, müəllimlər artıq tələbələrin kitab oxuduğunu deyir. Əvvəl kitabxana tərəfə gedən olmazdı, indi kitab çatdırmaqda çətinlik çəkirlər. 


- Hər insanın qarşısına qoyduğu hədəfləri olur. Siz 25-26 yaşında Azərbaycan gəncinin edə bilmədiyi çox işi bacarmısınız. Bununla qane olmaq olar?


- Qane olmaq bir az mürəkkəb məsələdir. Əvvəllər gələcəklə bağlı planlar quranda düşünmürdüm ki, nə vaxtsa təhsil sistemində çalışacam. Təhsil aldığım təchizat və loqistika sahəsi daha çox böyük şirkətlərdə tələb olunur. Avropada isə bu ixtisas trend sayılır. Başlanğıc olaraq "Silk Way”də çalışmağı seçdim. Orada təcrübə toplayıb digər şirkətlərə müraciət etmək fikrindəydim. Bu təklif gözlənilməz oldu. Adamda mühiti dəyişmək istəyi olur. Mən də özümü bu dəfə təhsil sferasında sınamaq istədim. 


Pedaqoji Universitetin təhsil haqqı çox aşağıdır. Maliyyə imkanları da o qədər də yüksək deyil. Bu imkanlar daxilində infrastrukturu yaxşılaşdırmağa çalışmaq böyük bir məqsəddir. Böyük büdcəyə malik universitetlərdə hər kəs bunu bacarar. Adi bir iş belə tələbələrin həyatını rahatlaşdıra bilər. Məsələn, mən gəldiyim zamanda universitetdə bankomat, peypointlər yox idi. Tələbə bunun üçün "Sahil” metrosuna getmək məcburiyyətində qalırdı. Bu, elementar bir şeydir. Nəzərə alsaq ki, Pedaqoji Universitet ölkəmizin ən yaşlı universitetlərindən biridir, onda yeniliklərin nə dərəcədə vacib olduğunu görə bilərik. Təhsil bazarında tələbəni universitetə cəlb eləmək üçün görünüşə də diqqət etmək lazımdır. Bu yaşda belə bir yüksək vəzifə mənim üçün böyük etimaddır və o etimadı doğrultmağa çalışacağam.


- 5 dil bilirsiniz. Xaricdə və ya dediyiniz kimi böyük şirkətlərdə də işləyə bilərdiz.


- Bir az pafoslu səslənsə də, insan dövləti üçün də nəsə etməlidir. Ola bilər ki, hardasa kiməsə yüksək məvacib verilir, ancaq bir müddət dövlət üçün də nəsə etmək lazımdır. Demirəm ki, insan sürünərək yaşamalıdır, yox. Ailə və özün üçün lazımi ehtiyacları ödəyə bildiyi halda, müəyyən illəri vermək olar. Artıq prorektor vəzifəsi bir illik verilir və təyinatım hələ yenidir. Nə vaxta kimi uyğun bilsələr, çalışacağam ki, universitetə xeyrim dəysin.


- Bizdə çox vaxt tələbələr rektor və prorektordan çəkinirlər, araya böyük məsafə qoyulur. Bəs, yüksək vəzifədə cavan kadr olanda bu münasibət necə olur?


- Nəinki prorektor, rektorumuz Cəfər müəllim belə çox sadə insandır. O tələbələrlə birlikdə yemək də yeyir, söhbət də edir. Rəhbər elə olan müəssisədə bizim özümüzü dartıb-çəkməyə haqqımız yoxdur. Mən köməkçi olanda bəzən tələbələr şikayət edirdi ki, rektor bizi niyə qəbul etmir. Sadəcə olaraq, tələbələr bilməlidir ki, hazırda universitetdə 17 mindən çox tələbə təhsil alır. Nə qədər çalışsan da, bir nəfərin o qədər tələbəni dinləməsi fiziki olaraq mümkün deyil. Biri gəlib soruşur ki, 3 qaibi var, nə edə bilər?


- Bəs, müəllimlərin sizi tələbələrlə səhv saldığı vaxtlar olub?


- Yalan deməyim, dəfələrlə olub. Həm köməkçi, həm də prorektor olduğum müddətdə rastlaşmışam. Məsələn, kompüter otaqlarını gəzdikdə müəllim "tələbə, hara gedirsən?” və yaxud "telefonunuzu qoyun, elə keçin”, "hansı fakültədənsiz?” deyib. Yaşlı müəllimlərdir, öyrəşməyiblər. Bildikdə isə hamı gülüşür, ab-hava dəyişir. Gənc kadr olmağın pis tərəfi demək olmaz, xırda bir çətinliyi də odur ki, hələ də adama tələbə gözü ilə baxırlar. Əvvəl tələbələrdə də belə çaşqınlıqlar olurdu. İndi sosial medianın da verdiyi üstünlüklər sayəsində hamı bir-birini tanıyır. Onlar müəllimlərdən daha yaxşı tanıyırlar. İşlər artdıqca, sosial medianın aktiv istifadəçisi də olmaq olmur. Orada da yazan tələbələr çoxdur, bacardığım qədərini cavablandırmağa çalışıram. 


- Cavan olduğunuz üçün sizdən kömək istəyən, problemini məhz sizinlə bölüşən çox tələbə olar...


- Bəzən uşaqlar gəlib şikayətlənməyə başlayırlar. Soruşuram ki, istilik, işıqlandırma, təmizlik, təhlükəsizlik probleminiz var? Deyirlər ki, yox. Onda deyirəm ki, mən işimin öhdəsindən gəlmişəm. Sadəcə tələbələrə izah etməyə çalışıram ki, mənim də öz sahəm var. Sehirli çubuq deyiləm ki, hər şeyi həll edim.


- Pedaqoji Universitet qızların çox olduğu bir müəssisədir. Praktikaya nəzər saldıqda xanım tələbələrin cavan müəllimlərə simpatiyasının olduğunu görə bilərik. 


- Əsas prinsipim var: işlə şəxsi həyatı qarışdırmamaq. İşin öz yeri var, şəxsi həyatın isə öz yeri. Onlar bir-birinə qarışmamalıdır. 


- Gənclərimizi necə görmək istəyərdiniz?


- Gənclərimizdə streotiplər çoxdur. Filankəsin day-dayı var, digərinin atası filan yerdə işləyir. Eybi yoxdur, sən özün nəsə etməyə çalış. Əgər hər hansı bir vəzifəli qohumum sayəsində bu yerə qalxsam, bu gün belə rahat danışa bilməzdim. Deyərdim ki, məni bura gətirib qoyub, sabah onun adı hallana bilər. Əziyyətlə oxuduğu vaxt işləyən insanlar var. Mən özüm də part-taym işləmişəm. Baxmayaraq ki, oxuduğum sahə çətin idi, ancaq boş vaxtlarımda işləyirdim. Gündüz işlədiyim üçün, kitabxanada yatdığım gecələr olub. Gənclərimizdə özünəinam bir qədər azdır. Onu artırmaq lazımdır. İnsan həyata bir dəfə gəlir və özündən sonra nəsə bir iz qoyub getməlidir. 







Загрузка...
Həmçinin oxuyun:
Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

ADU-nun rektoru tələbələr üçün əlçatandırmı?

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

ADU bir gün xəlifələrin ixtiyarına verildi - REPORTAJ +FOTOLAR

ADU bir gün xəlifələrin ixtiyarına verildi - REPORTAJ +FOTOLAR

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

Ali təhsildə Boloniya sistemi - TƏLƏBƏLƏRİN ŞİRİN YUXUSU

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

"Bu onu göstərir ki, Azərbaycan təhsil sistemi çox yaxşı inkişaf edib"

"Bu onu göstərir ki, Azərbaycan təhsil sistemi çox yaxşı inkişaf edib"

Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram”

Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram”

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ