Xəbərlər / Valideyn / Müəllim
04 dekabr 2017
2 725


Mənəviyyat qanunlarının izahı pedaqoji üsullarla tətbiq olunmasa- təcrübə göstərir ki...

Mənəviyyat qanunlarının izahı pedaqoji üsullarla tətbiq olunmasa- təcrübə göstərir ki...

Əksər müəllimlər belə bir fikrin tərəfdarıdırlar ki, şifahi tövsiyələr, mənəviyyat qanunlarının izahı digər pedaqoji üsullarla birgə tətbiq olunmasa uşaqların tərbiyəsində lazımı səmərəni verməyəcəkdir.

 

Bununla belə, biz tərbiyənin bu növünə etinadsız yanaşa bilmərik. Atalar və analar mənəviyyatı inkişaf etdirməyin əsas metodundan – ailədə vacib və müntəzəm söhbətlərin təşkilindən istifadə etməlidirlər. Söhbətlərin özü yaxşı təşkil olunmalı və hər dəfə məşvərət üçün yeni mövzu seçilməlidir. Uşaq xarakterini kamilləşdirməyə xidmət edən mənəvi prinsiplər ibrətamiz hekayələr, heyvanlar haqqında hadisələr, təmsillər danışmaq, həyatdan nümunələr gətirməklə izah edilməlidir. Bütün bunlar həyat haqqında, davranış normaları haqqında informasiya verir, uşaqlarda təfəkkür qabiliyyətini və duyğuları inkişaf etdirir. Axşam saatları uşaqlarla söhbət etməkdən ötrü ən əlverişli vaxtdır, çünki bu radələrdə onlar, adətən, gündəlik işlərini bitirir və bir qayda olaraq evdə olurlar.


Böyüklərin uşaqlarla ünsiyyətini həddindən artıq şişirtmək lazım deyildir: Bütün valideynlər öz təhsil səviyyəsinə uyğun olaraq uşaqla söhbət etmək qabiliyyətindədir. Bundan ötrü xüsusi biliklərin olması tələb olunmur. Valideynlər uşaqları bir yerə toplaya və böyük məhəbbətlə cəmiyyətdə xeyirxah davranışın vacibliyinə xüsusi diqqət yetirməklə, onlara əsas mənəvi prinsipləri öyrədə, qınağa layiq davranışlardan onları çəkindirən məsləhətlər verə, onları xeyirxah əməllərə doğru istiqamətlədirə bilərlər.


Təcrübə göstərir ki, sözlə təsiretmə uşaqlarda sağlam mənəviyyat formalaşdırır. Əgər bu cür müzakirələr müntəzəm keçirilirsə, zaman-zaman unudulmur və elmi prinsiplərə əsaslanırsa, uşaqlar mənəvi normaları mənimsəməyə, valideynlərin məsləhətlərinə əməl etməyə başlayırlar. Həmin axşamlar isə onların yaddaşında silinməz iz qoyur. Uşaqlar evdə daha çox olmağa çalışır, onların əqli və ruhu alicənab istəklərə daha çox həssas olur.


Məsələn, valideynlər uşaqları bir yerə toplayıb və öz ətraflarında oturdub, onlara mənəvi tələblərin mahiyyəti haqqında danışa bilərlər.


"İnsan başqalarına özünə xoş gəlməyəni etməməlidir. Özünə istəmədiyini başqalarına arzu etməməlidir. Bu "şəfqət göstərmə, qayğıkeşlik” adlanır və mənası odur ki, biz özümüzü başqa insanın yerində qoymalı və dərk etməliyik: bizə xoş olmayan ona da xoş deyildir. Məsələn, əgər insanlar bizə qarşı münasibətdə yaxşı hərəkət edirlərsə, biz də onlara qarşı eyni cür hərəkət etməli və onların hisslərinə toxunmamalıyıq.

 

Əgər sinif yoldaşınız sizə kobud söz deyir, dəftərinizi cırır və ya qələminizi sındırırsa, siz əlbəttə bundan kədərlənəcəksiniz, lakin bununla belə siz yoldaşınıza eyni hərəkətlə cavab verməməlisiniz. Dostunuz sizə öz hərəkətini dərk etmədən pislik edirsə, siz ona yaxşılıqla cavab verməli, ona dostcasına və nəzakətlə yanaşmalısınız. O, özü etdiyindən peşman olacaq, düzgün hərəkət etmədiyini başa düşəcək və bundan sonra nə sizinlə, nə də başqaları ilə bu cür hərəkət etməyəcəkdir. Biz həmişə həssaslıq göstərməli, başqalarının şəxsi həyatına müdaxilə etməməli, onları pərt etməməliyik.

 

Biz insanları sevməli, onların ləyaqətinə hörmətlə, özümüzünkünə yanaşan kimi yanaşmalıyıq, çünki yalnız onda biz özümüzü insan nəslinin ləyaqətli nümayəndəsi hesab edə bilərik. Bu keyfiyyətlər insani məziyyətlər və mənəvi xeyirxahlıqlar adlanır. Bu cəhətlərə malik olmayan kəs insan kimi öz təyinatını heç vaxt yerinə yetirə bilməyəcək və heyvandan da pis hala düşəcək, çünki heyvan mənəviyyatsız insanın törətdiklərini heç vaxt etmir.

 

Digər vacib insani məziyyətlərdən biri - valideynlərə ehtiramdır. Valideynlərə ehtiram dedikdə, onlara qarşı məhəbbət, itaət, xeyirxahlıq, diqqət başa düşülür. Ata və analar uşağa həyat verir, öz uşaqlarının xoşbəxtliyi yolunda bir çox çətinliklərlə üzləşir, məhrumiyyətlərə və narahatlıqlara məruz qalırlar. Uşaqlar valideynlərinə borcludurlar və onlara itaət etməlidirlər. İstər uşaqlıqda, istər gəncliyində, istərsə də yetkinlik yaşında valideynlərə ehtiramla yanaşılmalı, onlara diqqət göstərməli, onların xətrinə dəyməməlidirlər".

Məqalə Göndər








Загрузка...