Xəbərlər
03 may 2017
4 168


"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

 

2010-cu ildə 97 min 328 nəfər olan məzun sayı 2014-cü ildə 84 min 878-ə qədər düşüb
 
Son 7 ildə Azərbaycanda orta məktəbi bitirən məzunların sayı 11 faiz azalıb. Bu barədə Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub. Hesabata görə, ali məktəblərə qəbul balına vakant yerlərin sayı ilə birgə təsir edən başqa bir amil məzun və abituriyentlərin sayıdır. 2010-cu ildən 2015-ci ilə qədər ilbəil məzun və abituriyentlərin sayı azalıb, 2010-cu ildə 97.328 nəfər olan məzun sayı 2014-cü ildə 84.878-ə qədər düşüb. 2015-ci ildə məzun sayı 3.486 nəfər artsa da, 2016-cı ildə bu rəqəm yenidən 1.212 nəfər azalıb. Hər il abituriyentlərin əsas hissəsini cari ilin məzunları təşkil etdiyi üçün məzunların sayında artıb-azalma abituriyentlərin sayının artıb-azalması şəklində özünü göstərir. Ümumiyyətlə 2010-cu illə müqayisədə 2016-cı ildə məzun sayında 11 faiz, abituriyent sayında isə 10 faiz azalma müşahidə edilib. 
 
Sənəddə həmçinin qeyd olunub ki, hər il ali məktəblərə təklif olunan yerlərin sayının artması abituriyentlərin qəbul olma şansını artırır. Belə ki, 2016-cı ildə təklif olunan yer sayı 2015-ci ilə nisbətən 7,5 faiz və ya 2.905 yer artıb. 2010-cu ildə qəbul planı 30.510, 2011-ci ildə 31.419, 2012-ci ildə 34.098, 2013-cü ildə 36.537, 2014-cü ildə 37.841, 2015-ci ildə 38.831 və nəhayət 2016-cı ildə 41.736 olub. İldən-ilə vakant yerlərin çoxalması az bal toplayan abituriyentlərin qəbul olunma şansını çoxaldır.
 
Yeri gəlmişkən, "Abituriyent” jurnalının 12 saylı buraxılışında da son illər məzunların sayının azaldığı öz əksini tapıb. Nəşrdə yer alan məlumata görə, son 12 ildə məzunların sayı 35 778 nəfər azalıb. Ötən il isə ümumtəhsil müəssisələrinin 87 330 məzunu olub: "Bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur. Bu da son 12 ildə məzunların sayının 29,06 faiz azalması deməkdir. Eyni zamanda, bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2015-ci illə müqayisədə 2016-cı ildə məzunların sayı 1 036 nəfər azalıb. Keçən il sənəd verənlərin 68,31 faizini məhz həmin ilin məzunları təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali məktəblərə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55,63 faiz, 2011-ci ildə 58,39 faiz, 2012-ci ildə 58,84 faiz, 2013-cü ildə 60,66 faiz, 2014-cü ildə 64,05 faiz və 2015-ci ildə 66,04 faiz olub”.
 
Nəşrdə həmçinin vurğulanıb ki, 2015-ci illə müqayisədə 2016-cı ildə plan yerləri I qrupda 12,38, II qrupda 6,62, II qrupda 2,34, IV qrupda 5,45, V qrupda 9,77 faiz artıb: "Qəbul planının və abituriyent ərizələrinin son iki il üzrə müqayisəli təhlili göstərir ki, bu il ali məktəblərə qəbul planının 7,48 faiz artması, ərizələrin sayının isə 3,94 faiz azalması müsabiqə vəziyyətində 10,63 faiz azalmaya səbəb olub. Müsabiqə vəziyyəti, V ixtisas qrupundan başqa, digər ixtisas qruplarında aşağı düşüb. Bu özünü IV və I ixtisas qruplarında daha qabarıq şəkildə büruzə verib.
 
2016-cı ildə I, II, III və IV ixtisas qruplarında müsabiqə vəziyyəti 2015-ci ilə nəzərən zəifləyib. Bunun əsas səbəbi bu ixtisas qruplarında qəbul planının artması və ərizə verənlərin azalmasıdır. Bundan başqa, keçən il ixtisas qrupları üzrə qəbul planı ilə ərizlərin sayı arasında qeyri-tarazlıq olub. V qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyük olub. 1992-2016-cı illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ilə təsadüf edir. 2016-cı ilki qəbul imtahanlarında iştirak edən abituriyentlərin 60,84 faizi (52 149) ali məktəblərə qəbul olmayıb. I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıblar. Yəni, 2016-cı ildə "2” qiymət alanların faizi nisbətən azalıb, "3”, "4” və "5” qiymət alanların faizi artıb”.
 
Məsələyə münasibət bildirən təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov hesab edir ki, son illər orta məktəbi bitirən məzunların sayının azalmasının müxtəlif səbəbləri var: "Düzdür, məzunların sayının azalmasına təhsilin keyfiyyəti də öz təsirini göstərir. Amma etiraf edək ki, keyfiyyət məsələsi məzunların sayının bu qədər azalmasına səbəb ola bilməz. Hesab edirəm ki, burada nəsillərin sayı fərqi də öz rolunu göstərir. Məsələn, sovet dövründə nəsillərin say artımına ciddi şəkildə fikir verilməklə yanaşı, dövlət tərəfindən həmin ailələr üçün yardımlar ayrılırdı. İndi belə güzəştlər edilmir. Ona görə də hazırda iki uşaqdan artıq ailələrə çox nadir hallarda rast gəlmək mümkündür. Sovet dövründə isə ailələrdəki uşaqların sayı ən azından 4-5 nəfər olurdu. Bu dövlətin yeritdiyi siyasətin tərkib hissəsi idi. Aparılan siyasət nəticəsində gənc və yeniyetmə nəsil kifayət qədər üstünlük təşkil edirdi. Bu da məzunların sayına təsir göstərirdi.
 

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

 

Düzdür, hazırda ölkədə demoqrafik durum elə də acınacaqlı deyil. Amma gələcəkdə bu sahədə müəyyən problemlərin yaranacağını istisna etmək olmaz. Ola bilsin ki, indi ailələr üçün 1 və ya 2 uşağı saxlamaq asandır. Lakin biz bunun gələcəyini də fikirləşməliyik. Dövlət ciddi demoqrafik problemlərin ortaya çıxmaması üçün stimullaşdırıcı addımlar atmalıdır. Yoxsa, gələcəkdə orta məktəblərimiz şagirdsiz, ali məktəblərimiz isə tələbəsiz qala bilər. Digər bir tərəfdən hesab edirəm ki, məzunların sayı ilə bağlı belə bir statistikanın ortaya çıxması həm də uşaqların təhsildən yayınması ilə əlaqədardır”.
 
Onun fikrincə, Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir: «Məsələn, sovetlər dönəmində məktəblərin ərazi üzrə bölgüsü aparılırdı. Yəni, hansı məktəbin hansı küçələri əhatə edəcəyi göstərilirdi. Yeni dəsr ilinin başlamasına az qalmış isə ibtidai sinif müəllimləri küçə-küçə gəzərək 6 yaşı tamam olmuş uşaqları təhsilə cəlb edirdilər. İndi belə qayda yoxdur. Tutaq ki, paytaxtdan kənar qəsəbədə yaşayan vətəndaş şəhərin mərkəzində fəaliyyət göstərən hansısa məktəbdə uşağını təhsil almağa göndərə bilər. Yəni, bu məsələdə müəyyən qədər sərbəstlik var. Düzdür, sərbəstlik yaxşı şeydir, amma prosesə nəzarət olmayandan sonra bunun mənası itir».
 
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil sahəsi üzrə ekspert Şahlar Əsgərov isə ali məktəblərə sənəd verən abituriyentlərin sayında azalma tendensiyasının müşahidə olunmasını narahatedici məqam kimi qiymətləndirib. Onun sözlərinə görə, bu məsələ bütün təhsil ictimaiyyətini narahat etməlidir: «Axı, indiki şəraitdə bizim gənclər niyə oxumağa maraq göstərməsinlər. Əgər biz inkişaf etmiş ölkələrlə rəqabət aparmağa iddialıyıqsa, deməli, cəmiyyətdə savadlı insanların çəkisini artırmalıyıq. Məsələn, bu gün Cənubi Koreyada orta məktəbi bitirən hər 100 şagirdin 99-u, Amerikada hər 100 şagirdin 96-sı ali təhsil dalınca gedir. Mən demirəm ki, bizdə də hər kəs ali təhsil dalınca getsin, ölkədə kifayət qədər orta ixtisas müəssisələri var. Elə etmək lazımdır ki, ali təhsilə maraq göstərməyənlər peşə ixtisaslarına meyl göstərsinlər. Əslində orta məktəb məzunlarına bir neçə dəfə imtahan həyacanı yaşatmaq doğru deyil. Bəzi uşaqların psixologiyası çox zəifdir, onlar əlavə yükün altına girmək istəmirlər. Bu baxımdan da ali məktəbə sənəd təqdim etməyə maraq göstərmirlər. Mən həmişə demişəm ki, əslində sistem elə qurulmalıdır ki, həm ali, həm də orta ixtisas məktəblərinin qapısı məzunlara taybatay açılmalıdır. Amma bu müəssisələrin çıxış qapısı olduqca «dar» olmalıdır. Yəni, ali təhsil həvəsində olanların hər birinə ali məktəbə qəbul olmaq imkanı yaradılmalıdır. Lakin sonda ali məktəb diplomunu ən layiqliləri qazanmalıdır. Təbii ki, bu əmək bazarındakı mövcud durumu da müsbət istiqamət dəyişə bilər. Çünki indi əmək bazarında ən böyük problem işəgötürənin savadlı, rəqabət qabiliyyətli kadr tapa bilməməsidir».
 

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

 

Yeri gəlmişkən, bu il imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq etmiş abituriyentlərin sayı I qrup üzrə 27490 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 25603 nəfər), II qrup üzrə 19641 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 18676 nəfər),
 
III qrup üzrə 17916 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 16752 nəfər),
IV qrup üzrə 4922 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 4621 nəfər),
V ixtisas qrupu üzrə 34153 nəfərdən ibarətdir. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirmək istəyənlərin sayı isə 36076 nəfər təşkil edir.
 
hafta.az
Məqalə Göndər








Загрузка...