Xəbərlər
22 aprel 2017
5 117


Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

 

Bu gün Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.
 
Təhsil Nazirliyindən verilən məlumata görə, final turuna qatılan 534 şagirddən 307-si texniki və təbiət fənləri, 227 şagird isə humanitar fənlər üzrə biliklərini sınayıblar. Şagirdlərdən 282 nəfəri paytaxt,  252 nəfəri isə bölgə məktəblərinin payına düşür.
 
Bu turda şagirdlərə yazı işlərini təhvil verdikləri zaman sualların düzgün cavabları, izahları, həlləri və qiymətləndirmə meyarları təqdim edilib.
 
Yazı işləri təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş fənlər üzrə münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilir. Nəticələr elan olunduqdan sonra qiymətləndirmədən razı qalmayan şagirdlər üçün münsiflər heyəti ilə birgə yazı işlərinin müzakirə edilməsinə şərait yaradılır.
 
Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı olmaqla 8 müxtəlif fənn üzrə keçirilən fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30000 nəfərə yaxın, Respublika mərhələsinin yarımfinal turunda isə 5909 nəfər şagird iştirak edib.
 
İlk iki mərhələdə şagirdlərə tapşırıqlar qapalı test formatında təqdim edilsə də, fənn olimpiadalarının final mərhələsində onlara açıq tipli, isbat, izahat, həll tələb edilən sual və tapşırıqlar təqdim olunub. Son mərhələdə iştirak edən bütün şagirdlərə olimpiadanın "İştirak” sertifikatı veriləcək.
 
Yekunda hər fənndən şagirdlərin nəticələrinə əsasən təxminən 240 nəfər şagird müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunacaq. Artıq ənənə halını almış məqamlardan biri kimi hər fənndən ölkə üzrə ən güclü şagird "Birincilərin birincisi” nominasiyası üzrə təltif ediləcək.
 
İstedadlı şagirdlərin aşkar edilməsi, onların potensiallarının artırılması və nümayiş etdirmə imkanlarının, həmçinin şagirdlər arasında müsbət rəqabət şəraitinin yaradılması məqsədi ilə 2013-cü ildən olimpiadaların keçirilməsi və təşkili üzrə yeni qaydalar hazırlanıb.
 
Respublika fənn olimpiadalarının keçirilməsinə "Kapital Bank” tərəfindən dəstək göstərilir. "Kapital Bank” Təhsil Nazirliyi ilə bir sıra layihələrin birgə həyata keçirilməsində yaxından iştirak edib.
 
apa.az
Məqalə Göndər








Загрузка...