Xəbərlər
29 yanvar 2017
6 427


9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

 

Çoxları elə zənn edir ki, gözəl nitq qabiliyyəti və sərrast diksiya yalnız aparıcılara və ya ictimaiyyət qarşısında çıxış etməli olan digər insanlara lazımdır. Lakin heç bir işi olmayan, vaxtını daha çox evdə keçirən evdar xanımların da səlis danışıq qabiliyyətinə yiyələnməsi vacibdir. Şagirdlərin orta məktəbdə oxuduqları zaman düzgün nitq qabiliyyətini mənimsəmələrində müəllimlə bərabər valideyn də önəmli rol oynayır. Məlumdur ki, şagirdlərin yazı və nitq qabiliyyətlərinin aşkarlanması üçün son zamanlarda orta məktəblərin buraxılış imtahanlarında bir sıra dəyişikliklər edildi. Məhz yeni qaydalara əsasən 9-cu siniflərin buraxılış imtahanı iki mərhələdə həyata keçiriləcək. Tam orta təhsil (11-ci sinif) səviyyəsi üzrə isə buraxılış imtahanı qaydalarında dəyişiklik edilməyib.
 
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyir ki, dəyişikliklərdə olan əsas məqam şagirdlərin bacarıqları ilə bağlıdır:
 
"Əgər biz 25 il imtahanlarda şifahi nitqi ölçməmişiksə, bu gün bizim insanların normal nitqdə danışa bilməməsi təəccüb doğurmamalıdır. Və ya biz 25 il yazı bacarıqlarını ölçməmişiksə, bizdə təəccüb yaranmamalıdır ki, niyə məzun yaza bilmir. Çünki yaxşı yazmaq abituriyentin universitetə qəbul olunması ilə nəticələnmir”.
 
"Məncə, biz bu məsələni baza olaraq anlamalıyıq və arqumentlərimizi də bunun üzərində qurmalıyıq. Ona görə də, şagirdlərdə hansı bacarıqların formalaşması və ölçülməsi bizim üçün məsələnin ən əsas məqamıdır” – deyə o bildirib.
 
Respublikanın Əməkdar müəllimi Almaz Həsrət şagirdlərin danışıq qabiliyyəti və onların fikirlərini ifadə etmələri ilə bağlı "Şərq”ə açıqlama verib. Əməkdar müəllimin sözlərinə görə, şagirdlərin nitqində olan çatışmazlıqları aradan qaldırmaq üçün mütaliə əsas vasitədir:
 
"Həqiqətən də bizim məktəbdə təhsil alan şagirdlərimiz bəzən mütaliə ilə məşğul olmadıqları üçün öz fikirlərini sərbəst cümlələrlə ifadə edə bilmirlər. Çünki orta məktəblərin bəzilərində keçid dövrü baş verir. Bu dövrdə müəllimlərin yeni təlim proqramlarına, yəni kurrikulumların mənimsənilməsinə başları qarışdığından və mütəmadi kurslara getdiklərindən, daha çox öz üzərlərində çalışmalarından irəli gələrək tədrisdə zəiflik müşahidə olundu. Əsas səbəblərdən biri də müəllimlərin şagirdlərə ev tapşırıqlarında, dərsin düzgün mənimsənilməsi ilə bağlı olan müəyyən ləvazimat və alətlərdən istifadə etmə qaydalarını öyrətmədiklərindən bizim şagirdlərin mənimsəmələrində müəyyən boşluqlar yarandı. Boşluqların aradan qaldırılması üçün Emin müəllimin fikirlərini təqdirəlayiq hesab edirəm. Bunun qarşısını almağın bir neçə yolu var. Biz də məktəbdə təhsil almışıq və bizə daim əlavə olaraq ədəbiyyatın oxunmasını tapşırıblar. İndi isə daha gözəl imkanlar yaranıb. Əgər mən müəyyən ədəbi kitabı əldə etmək istəyirəmsə, onların elektron versiyası da var. Şagirdlərimiz elektron avadanlıqlara bağlanıbsa, bu avadanlıqlarda onların dil, danışıq, ünsiyyət qabiliyyətlərinin formalaşdırılması üçün mütaliənin yeni formasından – elektron formada olan bədii kitablardan istifadə edə bilərlər. Bu zaman onların söz ehtiyatı arta və fikirlərini sərbəst ifadə edə bilərlər”.
 
istinad(.sherg.az)
Məqalə Göndər








Загрузка...