Müəllim
13 iyul 2016
27 492


Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri


Tərbiyə məqsədyönlü prosesdir. Tərbiyənin məqsədi tər­biyə olunana yaxın və aydın olanda prosesin təşkili ən yüksək səmərəni təmin edir. 

Tərbiyə çoxamilli prosesdir. Bu prosesdə çoxlu obyektiv və subyektiv amillər özünü göstərir. Şəxsiyyətin daxili tələbatını ifadə edən subyektiv amillərin şəxsiyyətin yaşadığı obyektiv şəraitə uyğun gəlməsi tərbiyə vəzifələrini uğurla həll etməyə kömək edir. 

Tərbiyə dialektik prosesdir. Bu onun fasiləsiz inkişafında dinamikliyində, dəyişkənlyində özünü göstərir. 

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

 

Tərbiyə kompleks prosesidir. Bu o deməkdir ki, tərbiyə prosesinin məqsədləri, vəzifələri, məzmunu, forma və metodları vəhdətdədir. Bunların hamısı şəxsiyyətin tam formalaşması ideya­sı­na tabedir. Şəxsiyyətin əxlaqi keyfiyyətlərinin formalaş­ması kom­pleks halda, vəhdətdə baş verir. 

Tərbiyə mürəkkəb dinamik prosesdir. Bu sistemin hər bir kom­ponenti öz növbəsində bir sistem hesab edilə bilər, çünki onun da öz komponentləri vardır. 

Tərbiyə dəyişkən, qeyri-müəyyən prosesdir. Bu proses subyektiv amillərin təsirindən asılıdır: tərbiyə olunanların fərdi fərq­lərin­dən, onların sosial təcrübəsindən, tərbiyəyə münasibə­tindən ası­lıdır. 

Tərbiyə ikitərəfli prosesdir. Bu proses iki istiqamətdə gedir: tərbiyəçidən tərbiyə olunana (birbaşa əlaqə) və tərbiyə olu­nan­dan tərbiyəçiyə (əks əlaqə). Prosesin idarə olunması başlıca ola­raq əks əlaqələr üzərində qurulur. 

Tərbiyə mürəkkəb və ziddiyyətli prosesdir. Bu o deməkdir ki, onun hadisələri tez nəzərə çarpmır. Tərbiyə prosesinin mü­rək­kəbliyi onun dinamik və dəyişkən olmasındadır. 

Tərbiyə şəxsiyyətin inkişafı və formalaşması prosesidir. Bu prosesə həm şəxsiyyətə edilən xarici təsir, həm də özünütərbiyə və özünütəkmilləşdirmə daxildir. 

Tərbiyə fasiləsiz, uzun sürən prosesdir. Tərbiyə proseesi tərbiyəçilərin tərbiyə olunanlara fasiləsiz, sistematik ardıcıl təsiri prosesidir. Burada məqsədli iş sistemi qurulur. Tərbiyə işi insanın bütün həyatı boyu davam edir, nəticəsi gec görünən və insanın əməllərində özünü göstərən bir prosesdir. 

Göründüyü kimi, tərbiyə prosesində iki fəal tərəf iştirak edir. Onlardan biri tərbiyəçi, digəri isə tərbiyə olunandır. Hər ikisi fəal­dır. Ancaq daha fəal olanı tərbiyəçidir. Məhz o, uşağı bəsləyib ye­tiş­dirir, ona təsir göstərir, onda yeni keyfiyyətlər, nəcib əxlaqi si­fət­lər yaradır, zehni və fiziki qabiliyyətləri təşəkkül etdirib möh­kəm­lən­dirir, uşağın fəal şəxsi mövqeyini təmin edir. Bu prosesdə tər­bi­yə­çinin özünün də şəxsiyyəti inkişaf edir, formalaşır.
Beləliklə, tərbiyə prosesi tərbiyəçi ilə tərbiyə olunan ara­sın­da yaradıcılıq əməkdaşlığı şəraitində həyata keçirilən ikitərəfli qar­şılıqlı fəaliyyət prosesidir. Bu elə bir prosesdir ki, həmin pro­ses­də bir tərəfdən uşaq tarix boyu qazanılmış təcrübə və bilik sərvətləri ilə silahlanır, inkişaf edir, tərbiyəçinin bilavasitə göstərdiyi pedaqoji rəhbərliklə özünün fəallığı zəminində həyata düzgün münasibət bəsləyir, öz həyat yolunu təyin etmək mədəniyyətinə, zehni, əxlaqı, iqtisadi, siyasi, hüquqi, ekoloji, bədii və fiziki mədəniyyətə, faydalı adətlərə və davranış qaydalarına yiyələnir, digər tərəfdən tərbiyəçi özü kamilləşir, inkişaf edir.

Deməli, tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması və in­ki­şafı prosesidir. Məqsədyönlü formalaşma və inkişaf tərbiyənin əsas mahiyyətini təşkil edir. Tərbiyənin mahiyyəti - şəxsiyyəti yük­sək insani keyfiyyətlərlə tərbiyələndirmək, onda nəcib əx­la­qi, mənəvi keyfiyyətlər aşılamaq, əməyə, həyata hazırlamaq, es­tetik və fiziki mədəniyyət, ailə münasibətləri mədəniyyəti for­ma­­laş­dırmaq, cəmiyyətdə düzgün davranış normalarına isti­qamətləndirmək, milli və bəşəri dəyərləri mənimsətmək və bütün bunların tərbiyə olunanın intellektual, emosional, daxili aləmindən keçirib onun xarakter əlamətlərinə çevirməkdir. 

Tərbiyə prosesi çoxçalarlı, dinamik və dəyişkən prosesdir. Bu prosesdə bir tərəfdən sosial-psixoloji, digər tərəfdən pedaqoji əlaqə və asılılıqlar özünü göstərir. Bu əlaqə və asılılıqlar bir-biri ilə sıx surətdə bağlıdır. Onları nəzərə almadan tərbiyə prosesini düzgün təşkil etmək olmaz. Sosial əlaqə və asılılıqlar dedikdə, tərbiyə pro­se­sinin gedişində şagirdlərin ictimai sərvətləri mənimsəməsi za­ma­nı özünü göstərən əlaqələr və asılılıqlar nəzərdə tutulur.

Pedaqoji əlaqə və asılılıqlar uşağı əhatə edən mühit və tərbiyə qüvvələri tərəfindən göstərilən təsirlərlə bağlı olan əlaqə və ası­lı­lıq­lardır. Uşaq həmişə müəyyən mikro və ya makro mühitdə ya­şa­yır, həmyaşıdları, valideynləri, bacı-qardaşları ilə ünsiyyətdə olur, mək­tə­bin, müəllimlərin təsirinə məruz qalır, səhnə və ekran əsər­lə­rinə, televizor verilişlərinə baxır, kitab və qəzet oxuyur, radionu din­ləyir və s.

Tərbiyənin bir sıra nisbi mənada tərkib hissələri müəy­yən­ləş­di­rilmişdir ki, tərbiyə olunanda həmin keyfiyyətlərin aşılanması məq­sədəmüvafiqdir. Onları aşağıdakı kimi ayırmaq olar: əxlaq tər­biyəsi, mənəvi tərbiyə, intellekt tərbiyəsi (zehin tərbiyəsi), əmək tər­biyəsi, estetik tərbiyə, fiziki tərbiyə. Bütün bunlarla bərabər tər­biyə prosesində uşaqların hüquq, ekoloji, iqtisadi, ruhi tərbiyəsi ilə də məşğul olunur. Bütün bunlar tərbiyənin məzmununu təşkil edir. Am­ma, nəzərə almaq lazımdır ki, tərbiyənin bütün tərkib hissələri bir birilə sıx bağlıdır. Hər hansı bir tərbiyənin tərkib hissəsində di­gər keyfiyyətlər də tərbiyə olunur və ya olunmalıdır. Bu cəhətdən tər­biyənin tərkib hissələri bir növ şərti xarakter daşıyır, insanın tər­biyə prosesində bütün bu tərbiyəvi keyfiyyətlər kompleks şəkildə hə­yata keçirilir.

Tərbiyə fəaliyyətində xüsusi, təşkilati cəhətindən söhbət get­dik­də, adətən, burada müəyyən şəxsiyyətin formalaşmasına olan tə­sir assosiasiyası nəzərdə tutulur. Tərbiyə ənənəvi olaraq xüsusi in­ki­şaf edən şəxsiyyətə, onun formalaşması məqsədi ilə cəmiyyət tə­rə­fin­dən müəyyənləşdirilmiş sosial xassə və keyfiyyətinə pedaqoji təsiridir.

Tərbiyə dedikdə, biz pedaqoji prosesdə həyata keçirilən müx­tə­lif növlü fəaliyyətin stimullaşdırılmasını və təşkilini nəzərdə tu­tu­ruq ki, onlar ictimai təcrübə əldə etmək üçün şəxsiyyətə imkanlar ve­­rir. O, bilik, bacarıq, sosial və mənəvi münasibətləri ilə forma­laşır.

Tərbiyə cəmiyyətimizin demək olar ki, bütün sahələrində hə­ya­ta keçirilir. Ailənin, uşaq bağçasının, ümumtəhsil məktəb­lərinin, texniki peşə məktəblərinin, orta, ali ixtisas məktəblərinin, kol­lec­lə­rin, idarə, müəssisə və təşkilatların tərbiyə imkanları genişdir. Baş­qa sözlə, sadalanan ictimai qurumlar tərbiyənin həyata keçirildiyi yer­lərdir.

Ümumiləşdirilmiş formada desək, tərbiyəçilər və tərbiyə olu­nanlar tərbiyənin iştirakçılarıdır. Valideynlər, müəllimlər, usta­lar, idarə, müəssisə və təşkilatların rəhbərləri və s. şəxslər tərbiyə­çilər kimi fəaliyyət göstərirlər. 
azrefs.org
Məqalə Göndər








Загрузка...