Müəllim
17 may 2016
26 007


Tərbiyənin metodları

Tərbiyənin metodları
 Metod sözü ərəbcə üsul sözünün qarşılığıdır. Tərbiyə metodları qarşıda duran tərbiyəməqsədlərinə nail olmaq üçün istifadə olunan yollara deyilir. Metod qarşıya qoyulan məqsədlə sıx bağlıdır. Pedaqoji peşakarlığın mühüm şərtlərindən biri Tərbiyə metodur. Tərbiyə metodunun düzgün seçilməsi və düzgün tətbiq edilməsi pedaqoji peşəkarlığın mühüm şərtidir.  
        Tərbiyə metodlarının xüsusiyyətləri aşağıdakılardır: 
        Tərbiyə metodları tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllidir, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyət və münasibətidir. 
        Tərbiyə metodları müəllimlə şagirdlərin fəaliyyətinin qarşılıqlı və birgə fəaliyyətinin təşkili üsullarıdır. 
        Tərbiyə metodları şagirdlərin fəaliyyətinin köməyi ilə tərbiyənin məzmununun mənimsənilməsidir. 
        Tərbiyə metodları şəxsiyyətin xüsusiyyətlərinin formalaşması üçün müvafiq məqsədlərə istiqamətlənməsidir.
        Tərbiyə metodları şagirdlərin (tələbələrin) məqsədyönlü fəaliyyətinin təşkil edilməsində, müəllim və uşaq kollektivinin fəaliyyətində özünü əks etdirir. 
        Tərbiyə metodları qoyulmuş məqsədə nail olmaq üçün istifadə olunan üsul və vasitələrin sistemidir. 
        Tərbiyə metodları müəyyən olunmuş keyfiyyətləri şagirdlərdə tərbiyə etmək məqsədilə onların şüuruna və davranışına təsir göstərmək üçün nizama salınmış fəaliyyətdir.        Tərbiyə metodları müəyyən olunmuş keyfiyyətləri şagirdlərdə tərbiyə etmək məqsədilə onların şüuruna, iradəsinə, hisslərinə və davranışına təsir göstərmək üçün nizama salınmış fəaliyyətdir. 
        Tərbiyə metodları uşaqların məqsədyönlü fəaliyyətindəv uşaqların və yeniyetmələrin fəaliyyətinin təşkilində, pedaqoq və şagird kollektivinin fəaliyyətində özünü əks etdirir.    Tərbiyə metodları dedikdə, biz tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllini, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyətini başa düşməliyik. 
        Tərbiyə metodları tərbiyənin məqsəd və məzmunu ilə müəyyənləşir.
        İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, davranışı şüurla tənzim olunur. Buna görə də, ilk növbədə, şüura təsir göstərmək, onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaşdırmaq, yaxşını və pisi, gözəli və çirkini, doğrunu və yalanı, həqiqini və saxtanı insana inandırmaq lazım gəlir. Buna görə də inandırma metodları gərəkdir.
        Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi normaları izah etməklə, inandırmaqla yanaşı, həm də onun bu normalara uyğun davranması, hərəkət etməsi, fəaliyyət göstərməsi, müsbət adətlərə yiyələnməsi, alışması vacibdir. Ona görə də alışdırma metodları gərəkdir.
        Deməli, tərbiyə işində öncə insanın şüurunu formalaşdırmaq, iradəsini möhkəmlətmək, sonra da onda müsbət adətlər yaratmaq və bu yolla da şüurla davranışın vəhdətinə nail olmaq, düzgün davranış təcrübəsi formalaşdırmaq lazımdır. Bu baxımdan tərbiyə metodları əsas etibarilə inandırma və alışdırma metodlarına bölünür.
        Tərbiyə işində insanın hissi aləmi, duyğuları mühüm rol oynayır. Rəğbət-nifrət, sevinc-kədər, xeyirxahlıq-bədxahlıq, humanizm, eqoizm, həzz-ikrah hissləri insanın davranışını, rəftarını, hərəkətlərini, fəaliyyətini stimullaşdırır. Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq yaranır və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Nəticədə insan qəlbində bədxahlıq, qəddarlıq, laqeydlik, habelə bir çox nəfs xəstəlikləri – paxıllıq, tamahkarlıq, kin, qeybət, acgözlük yuva salır və insanı xoşagəlməz yollara çəkir. Deməli, insan qəlbini nəcib hisslərlə zənginləşdirmək, gözəl ürək tərbiyə etmək vacib vəzifələrdən biridir. Bu məqsədlə hissə təsir göstərən stimullaşdırıcı tərbiyə metodlarından istifadə edilir. Ona görə də rəğbətləndirmə və cəzalandırma metodları gərəkdir.
        Beləliklə, insana hərtərəfli təsir və fəaliyyətin tamlığı prinsipindən çıxış edərək, tərbiyə metodlarını aşağıdakı kimi təsnif etmək olar:
1. Şüuru formalaşdıran metodlar – buna inandırma metodları deyilir.
2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar – buna alışdırma metodları deyilir.
3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar – buna rəğbətləndirmə və cəzlandırma metodları deyilir.     
        Şüuru formalaşdıran metodlar:  Bu qrup metodların məqsədi insanın şüuruna təsir etməklə onda düzgün təsəvvürlər, inam və əqidə yaratmaqdan ibarətdir. Onların köməyi ilə uşaq və gənclər ictimai davranış normaları ilə tanış olur, özlərini harada və necə aparmaq lazım olduğunu, yaxşını və pisi başa düşür, əxlaqi tələblərin zəruriliyinə inanırlar. Buna görə də bəzi pedaqoji mənbələrdə şüuru formalaşdıran metodlara inandırma metodları da deyilir. Bu metodlar qrupuna əxlaqi söhbətlər, əxlaqi mövzuda məruzə və mühazirələr, disputlar, bədii əsərlərin (filmlərin) müzakirəsi, nümunə metodları daxildir.
        Bədii əsərlərin (filmlərin) müzakirəsi əxlaqi təsəvvür və ideyaların formalaşmasında daha böyük imkanlara malikdir. Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir. O, həyatı və insan münasibətlərini dərk etməyə kömək göstərir. Digər metodlardan fərqli olaraq, burada əxlaqi ideya mücərrəd şəkildə yox, konkret bədii obrazların nümunəsində açılır. Bu obrazlar əxlaqi ideyaları əyaniləşdirir. Onların timsalında həmin ideyalar daha tez və daha yaxşı dərk olunur. Bunu nəzərə alaraq tərbiyə işində bədii əsərlərin (filmlərin) müzakirəsindən geniş istifadə etmək lazımdır. Belə müzakirələr həm də bədii ədəbiyyata maraq, mütaliə tələbatı yaratmaq baxımından əhəmiyyətlidir.
        Bədii əsərlərin təşkili qaydası disputda olduğu kimidir.
        Nümunə metodu şüuru formalaşdıran metodlar içərisində mühüm yer tutur. Doğrudur, nümunə bütün tərbiyə metodlarında bir vasitə və tərz kimi iştirak etsə də, daha çox əxlaqi ideyaları əyani şəkildə nümayiş etdirməyə, konkretləşdirməyə və beləliklə, daha dolğun və canlı təsəvvürlər yaratmağa xidmət göstərir. Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı olur və daha böyük təsir gücünə malik olur. Əksinə, tərbiyəçinin sözü ilə əməli düz gəlmədikdə onun yaxşı sözləri belə təsirini və inandırıcılığını itirir.
        Müəllim və valideynlər uşaqların təqlidçilik meylini nəzərə alıb, onlara həmişə düzgün davranış nümunəsi göstərməlidirlər. Şəxsi nümunə ilə yanaşı tərbiyə işində müxtəlif növ müsbət nümunələrdən də istifadə edilməlidir.
Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran metodlar: Bu metodlar qrupu insanda müsbət adətlər yaratmaq və iradəni möhkəmlətməklə düzgün davranış təcrübəsi formalaşdırmağa xidmət edir. Bəzi pedaqoji mənbələrdə ikinci qrup metodlar alışdırma metodları adlanır. Həmin metodlar müxtəlif formalarda olur.
        1. İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda davranış təcrübəsinin formalaşmasında böyük rol oynayır. Məsələn, oyun və idman insanın iradəsini möhkəmlədir, onda bir sıra müsbət keyfiyyətlər - kollektivçilik, yoldaşlıq, dostluq, intizam tərbiyə edir. İctimai iş, fəaliyyət insanda məsuliyyət, dəqiqlik, fəallıq, təşkilatçılıq keyfiyyətləri aşılayır. Buna görə də uşaq, yeniyetmə və gəncləri müxtəlif fəaliyyət növlərinə cəlb etmək, bu yolla onlarda düzgün davranış, ünsiyyət təcrübəsi formalaşdırmaq lazımdır.
        2. Tərbiyələndirici situasiyaların yaradılması metodu əvvəlki metodla sıx bağlıdır. Burada da tərbiyəçi müxtəlif fəaliyyət növlərinin vasitəsilə uşağı xüsusi təşkil edilmiş tərbiyəedici situasiyaya salır. Ayrı-ayrı fəaliyyət növlərində belə situasiyalar yaradılır. Məsələn, təlimdə uşaq yoldaşlıq köməyinə, ictimai işdə - müxtəlif ictimai tapşırıqlara, habelə şəfqət dəstələri yaratmaqla başqalarına qayğı göstərməyə, idmanda küsülü uşaqla bir komandaya, əməkdə birgə tədbirlərə cəlb edilir. Kiçik yaşlarda oyun situasiyaları daha təsirli olur. Məsələn, müəllim xaraktercə eqoist uşağı oyunda elə rola cəlb edir ki, o kiçik uşaqlara qayğı göstərsin, onları oyuncaqlarla təmin etsin.
        Yeniyetmə və gənclərlə tərbiyə işində onları xüsusi ictimai vəzifələrə, tapşırıqlara cəlb etməklə təşkilatçılıq, yoldaşlıq, dəqiqlik və s. keyfiyyətləri formalaşdırmaq olar. Ümumi iclasda bu və ya digər qərarla bağlı yeniyetmə və gəncləri seçim qarşısında qoymaq motivlər mübarizəsi, ideya mövqeyi, baxış və əqidənin formalaşmasında mühüm rol oynayır.
        3. Tələb metodu insanı müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkətlərdən çəkindirmək yolu ilə düzgün davranış təcrübəsi formalaşdırmaq
məqsədi güdür. Tələb tərbiyənin vacib şərtidir: tələbsiz tərbiyə yoxdur (A.S.Makarenko). Pedaqoji tələblər insanı müəyyən qaydaya alışdırmağa, adət yaratmağa, intizamı möhkəmləndirməyə kömək göstərir. Tələb həm də insanı müəyyən hərəkətlərdən çəkindirir, onu düz yola gətirir.
        Tərbiyə işində tərbiyəçi ilə yanaşı, kollektivin də öz üzvlərinə tələb verməsinə nail olmaq lazımdır.
        4. İctimai rəy metodu tələbin kollektiv forması olub, müəyyən şəxs və hərəkətlə bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir. İctimai rəy kollektivin iradəsini əks etməklə fəal və təsirli qüvvə kimi çıxış edir. O, bacarıqlı tərbiyəçinin əlində tərbiyə metodu funksiyasını yerinə yetirir, tərbiyənin subyekti, müəllimin etibarlı müttəfiqi rolunu oynayır.
        Əgər kollektiv üzvləri ümumi hisslərlə yaşayırlarsa, mənfi hallara dözülməzlik göstərib onları aradan qaldırmağa çalışırlarsa, bu, kollektivdə sağlam ictimai rəyin formalaşmasının göstəricisidir. Belə kollektiv rəy təlim-tərbiyə sahəsində uğur qazanmağın mühüm amilidir. Əksinə, birgə ictimai rəyin olmaması özbaşınalığa, laqeydliyə, mənfi halları himayə etməyə, yaxşı oxuyan və intizamlı şagirdləri ələ salmağa, məhdud qrup mənafelərinin inkişafına gətirib çıxarır.
        5. Təmrin (məşq) metodu hərəkətlərin təkrarı yolu ilə onları möhkəmləndirib müsbət davranış adətləri yaratmaq məqsədi güdür. Tərbiyədə sözçülükdən, nəsihətdən sui-istifadə etmək düzgün davranış adətləri yaratmağa mane olur.
        Şagirdləri müəyyən davranış və fəaliyyətdə təmrin etdirməyin mühüm bir vasitəsi də rejimdir.
        6. Rejim insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur. Uşağın günü rejimlə tənzim edildikdə o, müəyyən qaydalara tez alışır, onda davranış adətləri daha tez və asanlıqla yaranır. Rejimsiz həyat sürən uşaq isə qaydasız gün keçirir, çox vaxt küçədə olur, valideynlərin təkidli tələblərinə baxmayaraq, ev tapşırıqlarını vaxtında yerinə yetirmir, evdə, məktəbdə və ictimai yerlərdə müəyyən davranış tərzinə alışa bilmir. Rejim tələblərinin vacibliyi uşağa başa salınmalıdır və düzgün əməl edilməlidir.
Fəaliyyəti və davranışı stimullaşdıran metodlar: Bu metodlar qrupu insanın hissi aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri möhkəmlətməyə, pis hərəkətlərdən çəkindirməyə xidmət edir. Yaxşı hərəkətinə görə təriflənən uşaq bundan məmnunluq hissi keçirir və bir daha müsbət hərəkətlər etməyə çalışır. Eləcə də pis hərəkətinə görə cəza alan uşaq iztirab hissi keçirir və bir daha belə hərəkətlərə yol verməməyə çalışır. Beləliklə, rəğbətləndirmə və cəza insanın davranışını düzəlməyə kömək göstərir: onu yaxşı hərəkətlərə sövq edir, pis hərəkətlərdən çəkindirir. Buna görə də pedaqoji mənbələrdə bu metodlar qrupu rəğbətləndirmə və cəza metodları adlanır. Bu qrupa habelə yarış metodu da daxildir.
        Rəğbətləndirmə metodu insanın davranış və fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən metoddur. O, insanın öz qüvvəsinə inamını, kollektivdə hörmət və nüfuzunu artırır.
        Tərbiyə təcrübəsində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür vermək, mükafatlandırmaq, şərəf lövhəsinə və ya kitabına şagirdin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, uşağın valideynlərinə razılıq məktubu göndərmək və s.
        Rəğbətləndirmə metodunu tətbiq edərkən təkcə hərəkətlərin nəticəsini yox, həm də uşağın motivlərini nəzərə almaq vacibdir.
        Cəzalandırma metodu insanda  xoşagəlməz münasibət və əməllərinə qarşı iztirab, utancaqlıq hissləri yaradır. Düzgün və ədalətlə verilmiş cəza insana məsuliyyət hissi aşılayır, iradəni möhkəmlətməyə, şəxsi ləyaqət hissini gücləndirməyə, öz səhvlərini başa düşməyə, münasibət və davranışını dəyişməyə kömək göstərir.
        Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzdən (kinoya, gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək, sinfi (məktəbi) dəyişmək, məktəbdən xaric etmək və s. Məsələn, ev tapşırığını yerinə yetirməyən uşaq dərsdən sonra qalıb tapşırığı icra edir, partanı sındıran, divarı cızan uşaq onu təmir edir, tapşırılan işi keyfiyyətsiz gördükdə onu yenidən icra edir, oyunda özünü yaxşı aparmayan oyuna buraxılmır və s.
        Cəza tədbirini tətbiq edərkən qəbahətin xarakterini, uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır.
        Cəzalandırma və rəğbətləndirmə çox incə tərbiyə metodlarıdır. Ondan düzgün istifadə etmədikdə tərbiyə işinə ziyan vura bilər.
        Kollektivin tərbiyə işində təsirini artırmaq məqsədilə uşaq kollektivinə öz üzvlərini rəğbətləndirmək və cəzalandırmaq hüququ verilməsi faydalıdır. Bu sahədə A.S.Makarenkonun iş təcrübəsindən istifadə etmək lazımdır.
Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət metodları: Tərbiyə işinin səmərəsi onun gedişinə və nəticəsinə nəzarətlə sıx bağlıdır. Nəzarət qarşıya qoyulmuş məqsəd baxımından işin gedişini tənzim etməyi, nəticələri məqsədlə tutuşdurmağı nəzərdə tutur. Bu yolla tərbiyədə əks əlaqə yaradılır: tərbiyəçi aparılan işin vəziyyəti, nəticələri ilə tanış olur, onu tənzim edir.
        Tərbiyədə nəzarət müxtəlif metodlarla həyata keçirilir: şagirdlərin tərbiyə səviyyəsini öyrənmək məqsədi ilə aparılan pedaqoji müşahidələr, söhbətlər, müxtəlif sorğular (anket, şifahi və b.), fəaliyyət və davranışın, uşaqlara verilən ictimai tapşırıqların təhlili, müxtəlif tərbiyə situasiyalarının yaradılması və s.
        Bu metodların köməyi ilə şagirdlərin şüur və davranış səviyyəsi, tərbiyə keyfiyyətləri, ünsiyyətinin xarakteri, ayrı-ayrı fəaliyyət növlərində iştirakı, kollektivdə mövqeyi və s. məsələlər barədə lazımi məlumatlar toplanıb təhlil edilir.
        Nəzarət qiymətləndirmə ilə tamamlanır. Tərbiyə işlərini qiymətləndirərkən müəyyən meyarlara əsaslanmaq lazımdır: şagirdlərin dünyagörüşü, ideya inamı və mövqeyi, davranış tərzi, intizamı, əməyə münasibəti, ünsiyyəti, kollektivdə mövqeyi, estetik və fiziki inkişafı, ictimai fəallığı və s.
        Qiymətləndirmə zamanı şagirdlərin tərbiyə səviyyəsi ilə yanaşı, müəllimin tərbiyəçi kimi fəaliyyəti də təhlil olunub qiymətləndirilməlidir. Bu halda onun istifadə etdiyi tərbiyə metodları, onların optimallığı, müəllimin təşkilatçılığı, şagirdlərə fərdi yanaşma bacarığı, onlarla ünsiyyətinin xarakteri və s. nəzərə almaq lazımdır.
        Tərbiyə işində müəllimin nəzarəti ilə yanaşı, şagirdləri də özünənəzarətə, özünütərbiyə və özünüqiymətləndirməyə cəlb etmək əhəmiyyətlidir. Tərbiyə prosesi o zaman səmərəli olur ki, müəllim şagirdlərdə özünütərbiyəyə tələbat formalaşdırsın.
        Şagirdləri özünütərbiyəyə cəlb etmək üçün həm xarici təsirlərdən (tərbiyəçinin və kollektivin tələbi, yoldaşlıq tənqidi, böyüklərin və yoldaşların nümunəsi, yarış və s.), həm də daxili stimullardan (tələbat və maraqlardan) bacarıqla istifadə etmək lazımdır. Şagirdlərin özünütərbiyəsinə müəllim pedaqoji rəhbərliyi təmin etməli, onların özünütərbiyə metodlarına (özünütəhlil, şəxsi öhdəlik, özünənəzarət, özünüqiymətləndirmə və s.) yiyələnmələrinə kömək göstərməyə çalışmalıdır. Şagirdlərə özlərinə düzgün qiymət verməyi öyrətmək lazımdır. Yanlış (qeyri-adekvat) özünüqiymətləndirmə hallarının - özünə həqiqətdə olduğundan yuxarı və ya aşağı qiymət verməyin zərərini onlara başa salmaq da vacibdir.
        Yuxarıda nəzərdən keçirdiyimiz tərbiyə metodları insana edilən çoxcəhətli pedaqoji təsirlərin heç də hamısını əhatə etmir. Tərbiyə təcrübəsində bu metodlarla yanaşı, bir sıra dolayı təsir priyomlarından da istifadə olunur. Bu zaman uşağa birbaşa təsir göstərilmir, onun nöqsanları bilavasitə ona izah edilmir. Tərbiyə metodlarının təsnifatına müvafiq olaraq dolayı təsir priyomlarını dörd qrupa bölmək olar.
        - Şüura təsir priyomları: təxirə salınmış söhbət, oxşar hadisənin şərhi, şagirdin intim hisslərinin fəallaşdırılması (məs., xəstə anasını sevindirmək üçün səylə oxumağa sövq edilməsi), tərbiyə prosesinə əlavə (nüfuzlu) şəxslərin daxil edilməsi, müəyyən keyfiyyəti aşılamaq üçün şagirdin mütaliəyə cəlb edilməsi, müəyyən məqamlarda tərbiyəvi məzmunlu atalar sözü, lətifə və xalq məsəllərindən istifadə edilməsi və s.
        - Fəaliyyətin və şəxsi davranış təcrübəsinin təşkili priyomları: şagirdi maraqlı fəaliyyətə (tapşırıqlara) cəlb etmək, aşağı sinif şagirdləri üzərində hamilik işinə cəlb etmək, şagirdin gücünə inam bildirmək, xahiş etmək, kollektivin fərdə təsirini təşkil etmək ("partlayış" və ya "heyrətləndirmə" priyomu).
        - Fəaliyyəti stimullaşdırma priyomları: təxirə salınmış cəza, qeyri-müəyyən ünvana yönələn danlaq (müəllim ad çəkmədən, ünvansız müəyyən qəbahəti tənqid edir, "günahkar" şəxs öz payını götürür).
        - Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: şagirdə müəyyən işi yoxlamağı, hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti sinif iclasında müzakirə edib qiymətləndirmək və s.
        Tərbiyə işində bütün metod və priyomlardan qarşılıqlı vəhdətdə, bir sistem halında istifadə etmək lazımdır. Tərbiyə vasitələri sistemindən ayrılıqda götürülən heç bir metod və priyom lazımi səmərə verə bilməz; o, bir halda yaxşı, başqa halda pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, uşağın yaş və fərdi xüsusiyyətlərindən çıxış edərək, hər bir şərait, konkret fərd üçün ən münasib (optimal) metodlar seçib, onları yaradıcı tətbiq etməlidir. Yalnız bu şərtlə tərbiyədə uğur qazanmaq olar.
Məqalə Göndər








Загрузка...